Fidan Babək qızı Hümbətova
doktorant
Bakı Biznes Universiteti
Xülasə: Son illərdə Azərbaycan ali təhsil müəssisələrində strateji planlaşdırma prosesi daha
sistemli və nəticəyönümlü bir idarəetmə modelinə çevrilmişdir. Təhsil Nazirliyi tərəfindən müəyyən
olunan prioritetlər-təhsilin keyfiyyətinin artırılması, beynəlxalqlaşma, rəqəmsal transformasiya və
universitetlərin maliyyə müstəqilliyi-bu sahədə əsas istiqamətləri müəyyən edir. Universitetlər
missiya, vizyon, əsas dəyərlər, strateji hədəflər və fəaliyyət planlarını əks etdirən sənədlər hazırlayır
və bu sənədlər vasitəsilə idarəetməni daha məqsədyönlü qururlar. Strateji planlaşdırma tədris, elmitədqiqat, beynəlmiləlləşmə və idarəetmə sahələrində konkret məqsədlər müəyyən etməyə və bu
məqsədlərə çatmaq üçün performans indikatorları ilə nəticələri izləməyə imkan verir. Lakin bəzi
hallarda planlar formal xarakter daşıyır, KPI-lar yetərincə dəqiq müəyyən edilmir, monitorinq və
icra proseslərində zəifliklər qalır.
GZİT təhlili göstərir ki, Azərbaycan universitetləri institusional çərçivəyə malik olsalar da, hələ
də çevik və innovativ modellərə ehtiyac duyurlar. Rəqəmsallaşma və beynəlxalq əməkdaşlıq bu
sahədə yeni imkanlar açır, lakin maliyyə çatışmazlığı və zəif koordinasiya əsas risklər olaraq qalır.
Ümumilikdə, strateji planlaşdırma universitetlərin inkişafında vacib alətdir və onun effektiv tətbiqi
üçün daha konkret indikatorlar, güclü monitorinq mexanizmləri və nəticəyə əsaslanan qərarvermə
strukturları zəruridir.
Açar sözlər: strateji planlaşdırma, ali təhsil, missiya, vizyon, dəyərlər, KPI, idarəetmə,
beynəlmiləlləşmə, monitorinq, fəaliyyət planı, rəqəmsal transformasiya, elmi-tədqiqat, GZİT təhlili,
qərarvermə, koordinasiya, reytinq, transformasiya